ELM VƏ TƏHSİL
Qaradağ rayonunun bütün ümumtəhsil ocaqlarında Bilik günü böyük təntənə ilə qeyd olunmuşdur
Bakı, 16 sentyabr (AZƏRTAC). Bilik günü münasibətilə Qaradağ rayonunda yerləşən bütün təhsil ocaqlarında tədbirlər keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərdən biri Lökbatan qəsəbəsində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilmiş Cəmil Niftəliyev adına 233 nömrəli orta məktəbdə keçirilmişdir.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirmişdir. O, Prezident İlham Əliyevin təhsil sahəsinə qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, habelə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” və digər tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqlarının tikildiyi, bunun isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət etdiyi nəzərə çarpdırılmışdır. S.Mikayılov bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulamışdır.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanılmışdır.
Qaradağ RİH-in başçısı S.Mikayılov məktəbdə yaradılmış şəraitlə tanış olmuş, pedaqoji kollektiv və şagirdlərlə görüşərək yeni dərs ili münasibətilə onları təbrik etmişdir.