CƏMİYYƏT
Qaradağ rayonunun Qızıldaş qəsəbəsində 76 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Bakıda, digər şəhər və rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin müvafiq qurumunun əməkdaşlarının iştirakı ilə baş tutub.
Rayonun Qızıldaş qəsəbəsində keçirilən səyyar xidmət zamanı ümumilikdə 76 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.