CƏMİYYƏT
Qardaşlıq oyununda futbolçuları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları müşayiət edib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanın "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında Tofiq Bəhramov adına Respublika Stadionunda xeyriyyə məqsədilə keçirilən yoldaşlıq oyununda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları da iştirak edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, oyunun açılış mərasimində hər iki komandanın oyunçuları mərkəzin həssas əhali qruplarından olan 6-12 yaş arası 22 benefisiarının müşayiətilə meydana çıxıblar. Onlardan 7 nəfəri şəhid övladı, 10 nəfəri valideyn himayəsindən məhrum olmuş uşaq, 2 nəfəri daun sindromlu şəxs, 3 nəfəri isə aztəminatlı ailənin övladlarıdır. Qardaşlıq oyununa DOST Agentliyinin 50 nəfərədək könüllüsü, 50 nəfər inklüziv könüllü və mərkəzin əməkdaşları azarkeşlik ediblər.
Qeyd edək ki, oyundan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ianə olunacaq.