REGİONLAR
“Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi həyata keçirilir
Bakı, 22 avqust, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Türkiyənin bəzi tədqiqat mərkəzləri ilə “Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsini həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ekspert qismində Azərbaycana gəlmiş Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Adana şəhərindəki Doğu Ağdəniz Tarımsal Araşdırma İnstitutunun direktor müavini, qarğıdalı üzrə tədqiqatçı İbrahim Cerit, Doğu Ağdəniz Tarımsal Araşdırma İnstitutu Müdürlüyünün əməkdaşı Gönül Cömertpayın və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Həlimə Məmmədovanın birgə iştirakı ilə qardaş ölkədən gətirilmiş qarğıdalının haploid xətlərinə aid toxumlar seçilərək laboratoriya şəraitində cücərdildikdən sonra tarlaya köçürülüb.
Layihə çərçivəsində Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili, fermerlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.