SİYASƏT
QARŞILIQLI SƏFƏRLƏR ƏLAQƏLƏRİMİZİN DAHA DA MÖHKƏMLƏNMƏSİNDƏ MÜHÜM ROL OYNAYIR
Bakı, 28 oktyabr (AZƏRTAC). Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti oktyabrın 28-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.
Komitənin sədri Səməd Seyidov qonaqları səmimiyyətlə salamlamış və demişdir ki, Azərbaycan parlament nümayəndə heyəti bu yaxınlarda Türkiyədə olmuş, çox səmərəli görüşlər keçirmişdir. Hesab edirik ki, qarşılıqlı səfərlərimiz qardaş və dost ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır. O demişdir ki, Azərbaycan xalqı hər zaman qardaş Türkiyə ilə əlaqələrə xüsusi əhəmiyyət vermişdir.
Murad Mərcan demişdir ki, Azərbaycana səfərin məqsədi parlamentlərimiz arasında, eləcə də digər sahələrdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmaqdır. Görüşdə hər iki ölkənin parlamentindəki xarici əlaqələr komitələrinin ildə ən azı iki dəfə görüşmələrinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, bu cür görüşlər həm iki qardaş ölkə arasında əlaqələrin inkişafında, həm də mövcud problemlərin həllində mühüm rol oynayır. Azərbaycanda keçiriləcək növbəti görüşün Naxçıvanda təşkil olunması məqsədəuyğun hesab edilmişdir.
TBMM-in xarici əlaqələr komissiyasının sədri daha sonra demişdir: “Rəcəb Tayyib Ərdoğanın bu ilin mayında Milli Məclisdə söylədiyi kimi, biz Azərbaycan və Türkiyə xalqlarını narahat edəcək, incidəcək heç bir addım atmayacağıq”.
Görüşdə bildirilmişdir ki, parlamentlərdəki dostluq qruplarının, xarici əlaqələr komitələrinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsi bütün məsələlərin, eləcə də regionda mövcud olan problemlərin həllində mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
######