REGİONLAR
Qax Aqroparkında pivot suvarma sistemi tətbiq olunan sahələrin hər hektarından 57,8 sentner taxıl götürülüb
Qax, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə “Ulu-Aqro” MMC-nin Qax Aqroparkında payızlıq taxıl əkilmiş 1100 hektar sahədən 4 min 165 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 37,9 sentner təşkil edib. Pivot suvarma sistemi ilə suvarılan sahələrdə məhsuldarlıq daha yüksək - 57,8 sentner, dəmyə sahələrdə isə 27,1 sentner olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Ulu-Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov məlumat verib.
Bildirilib ki, cari ildə Aqroparkın ərazisində 201 hektar sahədə dən üçün qarğıdalı əkilib. Hazırda qarğıdalı sahəsinə aqrotexniki qulluq işləri davam etdirilir. Eyni zamanda, gələn ilin məhsulu üçün 1500 hektar sahədə yay şumu çıxarılıb. Taxıl biçini başa çatdıqdan sonra 150 hektarda təkrar qarğıdalı əkini də aparılıb.
Bu ilin yaz aylarında aqroparkın ərazisində 136 hektar sahədə badam, 138 hektarda üzüm, 36 hektarda isə yeni qoz bağları salınıb. Hazırda aqroparkın intensiv bağçılıq təsərrüfatında 721 hektar, o cümlədən 145 hektar meyvə, 138 hektar üzüm, 86 hektar qoz və 352 hektar badam bağları var. Bağlarda damcılama üsulu ilə suvarma sistemi tətbiq olunub.
Təsərrüfatda mərkəzdən idarəetmə sisteminin qurulması istehsal olunan məhsulun rəqabət qabiliyyətini artırmaqla yanaşı, maya dəyərinin aşağı düşməsinə də imkan yaradır.