REGİONLAR
Qax rayonunda 42 mindən çox sakin tibbi müayinələrə cəlb olunacaq VİDEO
Qax, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qax rayonunda da mütəşəkkil qaydada aparılır. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova AZƏRTAC-a bildirib ki, tibbi müayinələrdə rayon üzrə 18 yaşdan yuxarı 42 mindən çox insanın iştirakı nəzərdə tutulur. Aksiyanın keçirildiyi bütün tibb müəssisələrində əhalinin qəbulu və müayinələrin aparılması üçün hər cür şərait yaradılıb. İcra hakimiyyəti rəsmisinin bildirdiyinə görə, fevralın 15-dən başlanan aksiya çərçivəsində indiyədək 4 mindən çox rayon sakini müayinə olunub.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinə son günlər müraciət edənlərin sayı xeyli artıb. Vətəndaşlar onlara verilən bu imkandan yetərincə yararlanmaq istəyirlər.
Poliklinika şöbəsinin müdiri Cəmaləddin Hacıyev AZƏRTAC-a bildirib ki, artıq üçüncü ildir keçirilən bu müayinələr əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Müayinələrə təcrübəli həkim və orta tibb işçiləri cəlb olunub. Aksiya başlandığı gündən indiyədək 600 nəfərə yaxın insana ambulator müalicə təyin edilib. 5 nəfər isə stasionar müalicəyə cəlb olunub. Daha ciddi müayinəyə ehtiyacı olan 2 xəstə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.
Poliklinika müdirinin dediyinə görə, müayinələr hazırda rayonun 30 yaşayış məntəqəsini əhatə edir. Yaxın günlərdə digər yaşayış məntəqələrinin əhalisi də tibbi müayinələrə cəlb olunacaq. Müayinələr mayın 2-dək davam edəcək.