REGİONLAR
Qax rayonunun 17 mindən çox sakini pulsuz tibbi müayinələrdən bəhrələnib
Qax, 28 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda ardıcıl olaraq ikinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Aksiya Qax rayonunda da uğurla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanı yüksək dəyərləndirirlər. Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərovanın verdiyi məlumata görə, aksiya çərçivəsində indiyədək 17 mindən çox sakin müayinədən keçib. Tibbi müayinələr rayonun 59 yaşayış məntəqəsini əhatə edir. Hamı onlara verilən bu imkandan yetərincə yararlanmaq istəyir. Artıq rayonun 7 yaşayış məntəqəsində müayinələr əsasən başa çatıb.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Tərlan Əhmədzadənin bildirdiyinə görə, tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün peşəkar həkimlərdən ibarət briqadalar yaradılıb. İndiyədək 1262 nəfərə ambulator müalicə təyin edilib, 61 nəfər stasionar müalicəyə cəlb olunub. Daha geniş müayinə və müalicəyə ehtiyacı olan 8 nəfər isə Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən insanlar Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.