REGİONLAR
Qax rayonunun dağlıq ərazilərinə ilk qar yağır
Qax, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti ikinci gündür davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Qax rayonunda günün ikinci yarısında başlanan yağış gecə saatlarında dağlıq ərazilərdə yerləşən İlisu və Sarıbaş kəndlərində tədricən sulu qara və qara çevrilib. Bu gün səhər saatlarında İlisu kəndində qarın qalınlığı 3-5, Sarıbaşda isə 5-10 santimetrdir. Hazırda bu kəndlərə qarın yağması davam edir.
İlisu kənd ərazi icra nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, ilk qar kəndə elektrik və təbii qazın verilməsində, gediş-gəlişdə heç bir problem yaratmayıb.
Gecə saatlarında Şəki rayonunun Şin kəndinə də az miqdarda qar düşüb. Zaqatala rayonunun dağlıq ərazisində yerləşən Car kəndinə isə bu saatlarda sulu qar yağır.