SİYASƏT
QAXDA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 17-də Qaxda Azərbaycanın Dövlət Müstəqilliyinin 17-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbir iştirakçılarını əlamətdar tarixi gün - Dövlət Müstəqilliyi günü münasibətilə təbrik etmiş, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırlatmışdır.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov “Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır” mövzusunda məruzə etmişdir. Məruzədə xüsusi vurğulanmışdır ki, dövlət müstəqilliyinin əldə edilməsindən keçən 17 il Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda ən şərəfli dövrüdür. Heydər Əliyev şəxsiyyəti xalqımızı müdrik siyasəti ilə keçid dövrünün ağır sınaqlarından şərəflə çıxardı. Böyük siyasətçi, ilk növbədə, dövlətçiliyin, qanunçuluğun formalaşması üçün çox ciddi tədbirlər gördü. Ulu öndərimizin yeritdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri tərəfindən demokratik bir ölkə kimi tanınmağa başladı, dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaradıldı.
Yığıncaqda çıxış edən natiqlər ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin son 5 ildə müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirləri ürəkdən bəyəndiklərini bildirmişlər. Onlar dövlət başçısını yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik etmiş, ona ölkəmizin işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətində böyük uğurlar arzulamışlar.