REGİONLAR
Qaxda inşa edilən Bayraq meydanı kompleksi şəhərə xüsusi yaraşıq verəcək
Qax, 30 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərinin girişində, Şəki-Qax-Zaqatala avtomobil yolunun sağ tərəfində inşa edilən Bayraq meydanı kompleksi şəhərə xüsusi yaraşıq verəcək və möhtəşəmliyi ilə yerli sakinlərin, qonaqların diqqətini özünə cəlb edəcək.
AZƏRTAC xəbər verir ki, milli memarlıq üslubunda inşa edilən kompleks qədimliyi və müasirliyi özündə ehtiva edən görünüşə malikdir. Meydanın ümumi ərazisi 3 hektara yaxındır. Burada quraşdırılacaq bayraq dirəyinin hündürlüyü 63 metr olacaq. Meydanın mərkəzində inşa edilən bayraq muzeyinin ümumi sahəsi 800 kvadratmetrdir. Muzeydə ölkəmizin və Qax rayonunun tarixinə dair nadir eksponatlar, dövlət rəmzləri, həmçinin tarixi şəxsiyyətlər haqqında məlumatlar nümayiş olunacaq. Muzeyin dörd tərəfində yerli çay daşından inşa edilən qala bürcləri kompleksə xüsusi möhtəşəmlik və əzəmət verəcək.
Kompleksin ərazisində yaşıllıq zolağı, istirahət parkı salınacaq, kafe, avtomobillər üçün dayanacaq inşa olunacaq. Parkın ərazisində rayonun tarixinə, folkloruna, məişəti və kənd həyatına aid eksponatlar, qədim təsərrüfat alətləri nümayiş etdiriləcək.
Hazırda kompleksin tikintisində 100 nəfərə yaxın yerli sakin işlə təmin olunub.