CƏMİYYƏT
Qaxda keçirilən seminar-müşavirədə narkomaniya ilə mübarizə istiqamətində görülən işlərdən danışılıb
Bakı, 17 mart, AZƏRTAC
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Narkomaniya ilə mübarizə istiqamətində din xadimlərinin müxtəlif platformalarda söhbət və çıxışlarının təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər narkomaniyanın insan sağlamlığında, mənəviyyatında və psixologiyasında törətdiyi fəsadlar, narkomaniya ilə mübarizə istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər haqqında danışıblar. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün mövcud qanunvericilik bazası haqqında geniş məlumat veriblər. Bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı Sərəncamı ilə təsdiq edilən “Narkomanlığa qarşı mübarizəyə dair “2019-2024-cü illər üçün Dövlət Proqramı” bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində əsas rol oynayır.
Qeyd edilib ki, zərərli vərdişlərdən uzaq, təhsilyönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılması dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən biridir. Narkotik vasitələrin, prekursorların, psixotrop maddələrin və digər zərərli vərdişlərin cəmiyyət arasında geniş vüsət almasının qarşısının alınması üçün profilaktik və qabaqlayıcı tədbirlər həyata keçirilməli, yeniyetmələrə və gənclərə milli-mənəvi dəyərlərimiz aşılanmalıdır. Həmçinin dövlət orqanları və digər qurumlar tərəfindən təhsil müəssisələrində, peşə liseylərində, orta-ixtisas və ali məktəblərdə gənclərlə mütəmadi görüşlər keçirilərək onlarla maarifləndirici və mənəvi-əxlaqi söhbətlər aparılmalıdır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.