MƏDƏNİYYƏT
Qaxda “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert olmuşdur
Qax, 14 mart (AZƏRTAC). Azərbaycanda uğurla davam edən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 14-də Qax rayon mədəniyyət evində növbəti konsert olmuşdur.
AZƏRTAC xəbər verir ki, muğamsevərlərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri muğam konsertinin əvvəlində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində respublikanın digər bölgələrində olduğu kimi, Qax rayonunda da muğam ifaçılarının iştirakı ilə maraqlı konsertlərin təşkil olunduğu diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Qax şəhərindəki qədim tarixi məkan - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində, uşaq incəsənət məktəbində, şəhər mədəniyyət evində reallaşan konsertlərdə incəsənət məktəbinin müəllim və şagirdlərinin, rayonun tanınmış xanəndələrinin ifa etdikləri muğam və xalq mahnıları musiqisevərlərin ürəyincə olmuşdur.
Sonra tamaşaçılar maraqlı konsert proqramını izləmişlər. Elnur Mirzəyevin ifasında “Simayi-şəms” zərb muğamı, Nizami Babayev, Hümmət Əliyev, Adil Şirinovun ifalarında “Çahargah”, “Rast”, “Mirzəhüseyn segahı” muğamları, Səxavət Laçınlının oxuduğu “Qarabağ şikəstəsi”, Xuraman Camalovanın ifasında “Şahnaz” təsnifi, digər müğənnilərin təqdim etdikləri xalq mahnıları və təsniflər tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.