REGİONLAR
Qaxda qarğıdalı yığımına başlanılıb
Qax, 29 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında bir neçə gündür qarğıdalı yığımına start verilib. Güllük, Qaşqaçay, Qorağan kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 50 hektaradək sahənin məhsulu yığılıb, 450 ton dən qarğıdalı tədarük olunub. Hələlik hər hektardan orta hesabla 90 sentnerədək məhsul götürülür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə qaxlı fermerlər 1556 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 40 hektar artırılıb. Qarğıdalı sahələrinə göstərilən yüksək aqrotexniki tədbirlər nəticəsində bu il sahələrdə bol məhsul yetişib.
Qeyd edək ki, rayonun torpaq mülkiyyətçiləri ötənilki mövsümdə 1516 hektar qarğıdalı sahəsindən 11 min 858 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 78,2 sentner məhsul götürülüb.