İQTİSADİYYAT
Qaxda su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilir
Qax, 26 may (AZƏRTAC). Qax şəhərinin, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin üçüncü mərhələsi üzrə işlər uğurla davam etdirilir.
Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanmışdır. Tikintini aparan “Azfen TQ” MMC-nin sahə rəisi İbrahim Verdiyev AZƏRTAC-a bildirmişdir ki, layihə üzrə işlərin birinci mərhələsində İlisu kəndindəki su mənbəyində suqəbuledici və suötürücü qurğular tikilmiş. Mənbədən Qaxbaş kəndində inşa olunan su anbarına polietilen borularla 8,4 kilometr uzunluğunda yeraltı magistral su xətti çəkilmişdir. İkinci mərhələdə Qaxbaş kəndində və şəhər ərazisində hər birinin tutumu min kubmetr olan 7 su anbarının tikintisinə başlanmışdır. Onlardan beşinin tikintisi artıq başa çatdırılmışdır, ikisinin inşası isə hazırda davam etdirilir.
Layihənin üçüncü mərhələsi çərçivəsində hazırda Qaxbaş və Qaxingiloy kəndlərində su şəbəkəsinin tikintisində son tamamlama işləri görülür. Eyni zamanda, Qax şəhərinin küçələrində su və kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir. İndiyədək şəhər daxilində 42 kilometr uzunluğunda su xətti çəkilmişdir.
Hazırda tikintiyə 170-ə yaxın fəhlə və mühəndis, 60-dan çox texnika cəlb edilmişdir. Sahə rəisinin bildirdiyinə görə, su xəttinin çəkilişi və abonentlərə sayğacların quraşdırılmasının cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.