REGİONLAR
Qaxda tütün yığımı başlayıb
Qax, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qax rayonunun fermerləri 450,5 hektar sahədə tütün yetişdirirlər. Sahələrin 430,5 hektarına “Virciniya botaniki”, 20 hektarına isə digər növ tütün əkilib. Tütün istehsalı ilə əlaqədar 36 fermerlə müqavilə bağlanılıb. Bir neçə gündür ki, təsərrüfatlarda tütün yığımına başlanılıb. İlk günlər sahələrdən 168,8 ton yaş tütün yarpağı dərilərək qurudulmaq üçün Qax, Zaqatala və Şəki rayonlarındakı emal məntəqələrinə təhvil verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Sektor müdiri bildirib ki, cari mövsümdə Qax rayonunda “Azərtütün” ASC tərəfindən 127,6 hektar, “TES AGRO” şirkəti tərəfindən 128 hektar, Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən 120,2 hektar, digər müəssisələr və fərdi istehsalçılar tərəfindən isə 74,7 hektar sahədə tütün əkilib.
Xatırladaq ki, qaxlı fermerlər ötən il 373,3 hektar sahədən 408 ton quru tütün əldə ediblər.