İQTİSADİYYAT
“Qaz İxrac” idarəsində əməyin mühafizəsinə xüsusi diqqət göstərilir
Bakı, 28 fevral, AZƏRTAC
SOCAR-ın “Qaz İxrac” idarəsində 2015-ci ildə əməyin mühafizəsi sahəsi üzrə görülmüş işlər müzakirə olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin rəisi Qağaməli Seyfullayev bütün işlərin “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun şəkildə həyata keçirildiyini deyib. Qeyd olunub ki, idarənin obyektlərində daimi fəaliyyət göstərən komissiyanın, müvafiq şöbələrin və nəzarətedici orqanların (FHN, DMN Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi) nümayəndələri tərəfindən istehsalat sahələrində yoxlamalar aparılıb, aşkar edilən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər görülüb. İl ərzində işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair bilikləri yoxlanılıb, nomenklatur tədbirlər yerinə yetirilib.
“Qaz İxrac” idarəsi fəaliyyətini milli qanunvericiliyə uyğun olaraq ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartların tələbləri səviyyəsində qurub. İşçi heyət ilə fərdi qaydada maarifləndirmə işləri aparılıb. Tədbirlərin icra vəziyyətinin yoxlanılması məqsədilə daxili audit, habelə SOCAR-ın təlim, tədris və sertifikatlaşdırma idarəsinin əməkdaşları tərəfindən ikinci tərəf auditi və “Bureau Veritas” şirkətinin mütəxəssisləri tərəfindən dörd gün xarici audit keçirilib, aşkar edilən uyğunsuzluqlar verilən vaxt ərzində aradan qaldırılıb.
Bundan başqa, idarə üzrə şöbə və bölmələrdə cavabdeh şəxslərin iştirakı ilə üç günlük kurs keçirilib və 38 nəfər ISO 9001 “Keyfiyyət idarəetmə sistemi” üzrə sertifikat alıb. Hazırda idarədə İSO 50001 “Enerji idarəetmə sistemi”nin tətbiq olunması üzrə işlər davam etdirilir.
İdarənin regionlarda yerləşən magistral qaz kəmərləri sahələrinin işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair lazımi təlimat topluları çap edilib. Həmin sahələrdə əmək şəraitinin vəziyyətinin kompleks yoxlanılması ərəfəsində işçilərin maarifləndirilməsi məqsədilə “Enerji mənbələrinin təcrid edilməsi - elektrik işləri”, “Yanğın zamanı odsöndürmə vasitələrindən ilkin istifadə qaydaları” və “Fövqəladə hallar zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsi - təxliyə” mövzularında təqdimatlar keçirilib. İl ərzində obyektlərdə əmək şəraitinin yaxşılaşdırılması, sanitariya və gigiyena sahələrində zəruri tədbirlər görülüb, idarə üzrə heç bir bədbəxt hadisə və peşə xəstəliyi qeydə alınmayıb.