İQTİSADİYYAT
Qaz təsərrüfatı işçilərinin iş şəraiti yaxşılaşdırılır
Bakı, 30 iyul (AZƏRTAC). ARDNŞ-in mühüm struktur vahidlərindən olan “Azəriqaz” İstehsalat Birliyində (İB) əmək şəraitinin təkmilləşdirilməsi istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlər diqqət mərkəzindədir.
Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci yarısında İB-nin bir neçə rayon Qaz İstismar Sahəsi və Magistral Qaz Kəmərləri Sahəsinin inzibati binaları müasir səviyyədə təmir edilərək istifadəyə verilmişdir. Qaradağ, Səngəçal, Maştağa, Zığ, Böyükşor, Qazanlar, Zabrat-I, “Bolqarıstan”, Ağdaş və Sumqayıt Avtomatik Qazpaylayıcı Stansiya və məntəqələrində operator və gözətçi binaları, Astara, Abşeron, Sumqayıt, Ağdaş Qaz İstismar Sahələrinin inzibati və köməkçi binaları, Astara, Qazax və Ağdaş Magistral qaz kəmərləri sahələrinin isə texnoloji və inzibati tikililəri əsaslı təmir olunmuş, müasir tələblərə cavab verən avadanlıqlar və zəruri invertarla təmin edilmişdir.
Bu gün respublikanın ən ucqar rayonlarında da qaz təsərrüfatı işçiləri üçün müasir binalar tikilir, köhnə binalar əsaslı təmir olunur, əməkçilərin iş şəraiti yaxşılaşdırılır.