REGİONLAR
Qazançı körpüsündə bərpa işləri aparılır
Culfa, 7 avqust, AZƏRTAC
Bu ilin iyul ayının əvvəllərindən muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən XVI-XVII əsrlərə aid Qazançı körpüsündə bərpa işlərinə başlanılıb. Hazırda çayın kənarlarında beton istinad divarlar bərkidilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu işlərin həyata keçirilməsi yolun kənarlarında sürüşmənin qarşısını alacaq, güclü sel daşqınları zamanı körpünün təhlükəsizliyini təmin edəcək. Körpünün bərpası zamanı onun orijinallığının qorunması da diqqətdə saxlanılır.
Qeyd edək ki, Qazançı körpüsü Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsidir. Körpü xalq arasında “Qozbel körpü” adı ilə də məşhurdur. XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilib. Böyük İpək Yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı kəndindən şərq istiqamətdə uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55, uzunluğu 10,85, hündürlüyü 8,8 metrdir.