SİYASƏT
QAZANDIĞIMIZ BÜTÜN UĞURLARA GÖRƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ BORCLUYUQ
Bakı, 12 dekabr (AZƏRTAC). Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və makroiqtisadi sabitliyin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində ölkədə kiçik və orta, həmçinin iri sahibkarlığın inkişafı üçün dayanıqlı, münbit şərait yaranmışdır.
Dekabrın 12-də Fəxri Xiyabana gələn sahibkar Əhməd Əliyev fikirlərini müxbirimizlə bölüşmüşdür:
-Xalqımızın dərin zəkasını, yenilməz iradəsini və əzmini təcəssüm etdirən böyük dövlət xadimlərimizin, tarixi şəxsiyyətlərimizin siyasi və dövlətçilik ənənələrini layiqincə davam etdirərək daha da zənginləşdirən Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi, mərdliyi və fədakarlığı sayəsində müstəqil dövlətimizin təməli möhkəmlənmiş, qorunub saxlanmış, bu böyük dühanın ən böyük əsəri olan müasir Azərbaycan yaranmışdır.
Ulu öndərin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir istiqaməti yaranmışdır. Ulu öndərimiz sahibkarlığın inkişafının sürətləndirilməsinə xüsusi diqqət yetirirdi. Sahənin inkişafının prioritet istiqamətlərinin reallaşması baxımından mütəmadi olaraq kompleks tədbirlər görülmüşdür ki, bu da sahibkarlıq üçün əlverişli şərait yaratmışdır. Ulu öndərimiz sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsini də daim diqqət mərkəzində saxlayırdı.
Qazandığımız bütün uğurlara görə hər birimiz ümummilli liderə borcluyuq, bütün fikir və düşüncələrimiz bu əvəzsiz şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsidir.