ELM VƏ TƏHSİL
Qazaxda məktəblərin maddi-texniki bazası gücləndirilir
Qazax, 30 avqust (AZƏRTAC). Qazax rayonunda ümumtəhsil məktəblərinin yeni dərs ilinə hazırlığı çərçivəsində təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması, inventar və avadanlıqla təchizi məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir. Rayonda yeni inşa edilən 640 şagird yerlik Çaylı kənd 2 nömrəli, 640 yerlik Daş Salahlı kənd 2 nömrəli, 220 yerlik Ürkməzli kənd və 180 yerlik Xanlıqlar kənd tam orta məktəbləri əsaslı təmirdən sonra yeni dərs ilində istifadəyə veriləcəkdir. Eyni zamanda, 192 şagird yerlik Xanbağı tam orta məktəbi, 400 yerlik Hüseynbəyli və Aşağı Salahlı kənd tam orta məktəbləri və 100 yerlik Fərəhli kənd ümumi orta məktəbləri də əsaslı təmirdən sonra istifadəyə veriləcəkdir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, təhsil müəssisələri inventar və avadanlıqla təmin olunmuşdur. Yeni dərs ili ərəfəsində məktəblərə 100 ədəd stol, 1336 ədəd stul, 67 ədəd şahmat stolu, 28 ədəd kompyuter dəsti, 100 ədəd şkaf, bir kimya laboratoriyası və bir biologiya kabineti və s. avadanlıq alınmışdır. Hazırda rayona gətirilmiş 15740 ədəd dərslik ümumtəhsil məktəblərinə paylanılır.