REGİONLAR
Qazaxda “Qadına şiddətə yox de!” mövzusunda konfrans keçirilib
Qazax, 28 noyabr, Famil Quliyev, AZƏRTAC
Bakı Dövlət Universitetinin Qazax filialında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Qadına şiddətə yox de!” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq, ailənin cəmiyyətin əsası olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda qadınlara qarşı zorakılıq halları digər ölkələrlə müqayisədə daha az baş verir. Bunun isə başlıca səbəbi ölkəmizdə aparılan uğurlu gender siyasətidir. Belə ki, ölkədə qadınlar cəmiyyətin bütün sferalarında kişilərlə bərabər hüquqlara malikdir. Hətta Şərqdə qadınlara ilk seçim hüququ verən ölkə Azərbaycan olub. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında sərəncamları, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman Ulu Öndərin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olublar. Onların arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişib. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib və fəaliyyətləri genişlənib. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova, BDU-nun Qazax filialının direktoru Vüsət Əfəndiyev, Dövlət Təhlükəsizlik Xidmətinin Qazax rayon şöbəsinin rəisi Vidadi Həsənov və başqalarının çıxışlarında bildirilib ki, insan hüquqlarının təmin olunması ulu öndər Heydər Əliyev tərəfindən qarşıya qoyulan prioritet vəzifələrdən biri olub. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.