REGİONLAR
Qazaxda tütün yığımı davam edir
Qazax, 22 avqust, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı Qazaxda uğurla icra olunur.
Artıq dördüncü ildir ki, Qazaxda tütün becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirlər vaxtında həyata keçirilməklə 80 tondan çox məhsul götürülüb. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Həmin sahədən toplanmış 98 min tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində ümumilikdə 65 hektar sahədə tütün əkilib.
Tütünçülər bu il də keçənilkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Xeyli müddətdir ki, tütün dəriminə başlanılıb. Kəndlilər tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Bu günə kimi isə 70 ton yaş tütün tədarük olunub.