REGİONLAR
Qazaxdakı körpələr evi-uşaq bağçasının yeni binasının tikintisi mart ayında başa çatacaq
Qazax, 30 yanvar, AZƏRTAC
Qazax şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının yeni binasının tikinti işləri sürətlə aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, binanın özül işləri artıq başa çatdırılıb. Zirzəminin inşası üçün karkasların bağlanması və betontökmə işləri aparılıb. Eyni zamanda, birinci mərtəbənin hörgü işləri də tamamlanıb. Yaxın zamanda ikinci mərtəbənin hörgüsünə start veriləcək.
Yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının inşasının 2017-ci ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.
Yeni bina 2 korpusdan ibarət olacaq. Burada hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana, yataq otaqları, qrup oyun zalları, qəbul otağı, texniki otaq, bufet, sanitar qovşaq, mətbəx və tibb kabineti də tikiləcəkdir.
Bundan əlavə, foye, direktor, müavin, kompüter və dəftərxana otaqlarının da tikintisi nəzərdə tutulub.