İQTİSADİYYAT
Qazaxıstan öz yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə nəql olunmasında maraqlıdır
Bakı, 12 dekabr (AZƏRTAC). Qazaxıstan öz yüklərinin tikintisi davam etdirilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə nəql olunmasında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jambayev Bakıda keçirdiyi mətbuat konfransında demişdir.
Səfir qeyd etmişdir ki, Qazaxıstan bu yolla, həmçinin istehsal etdiyi neft və taxılı da ixrac edə bilər. Dünya okeanına çıxışı olmayan ölkə kimi Qazaxıstan üçün Qafqaz nəqliyyat dəhlizinin açılması olduqca vacib məsələdir.
BTQ layihəsinin 2014-cü ildə başa çatdırılacağı planlaşdırılmışdır. İlkin mərhələdə bu yolla 1 milyon sərnişinin və 6,5 milyon ton yükün daşınması nəzərdə tutulmuşdur. Gələcəkdə sərnişin daşınmasının 3 milyona, yük daşınmasının isə 20 milyon tona çatdırılması nəzərdə tutulmuşdur. Yolun ümumi uzunluğu 826 kilometrdir.
BTQ-nin istismara verilməsindən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı ticarət dövriyyəsinin 10 milyarda çatacağı gözlənilir.