DÜNYA
Qazaxıstan sərhəddə epidemioloji nəzarəti gücləndirir
Nur-Sultan, 26 oktyabr, AZƏRTAC
Qazaxıstan hökuməti Rusiyada yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması ilə əlaqədar sərhəddə və sərhədə yaxın ərazilərdə karantin tədbirlərini gücləndirmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Baş naziri Askar Mamin ölkədə epidemik vəziyyətin ümumilikdə nəzarət altında olduğunu bildirib.
Qonşu ölkələrdə, xüsusən də Rusiyada epidemioloji vəziyyətin pisləşdiyini qeyd edən A.Mamin müvafiq qurumlara sərhədlərdə nəzarətin gücləndirilməsi, sərhədə yaxın şəhərlərdə karantin tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkə üzrə 1353 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, ümumi yoluxma sayı isə 931 min 137 nəfərə çatıb. Bu günə qədər 8,2 milyondan çox insana koronavirusa qarşı peyvəndin birinci, 7,4 milyondan çox insana isə hər iki komponenti vurulub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan