QAZAXISTAN TƏKZİB EDİR
Qazaxıstanın bəzi KİV-ləri xəbər yaymışdır ki, bu il martın 28-dən aprelin 1-dək Daşkənddə və Buxara vilayətində bir sıra terror aktları təşkil etmiş şəxslərin işi üzrə Özbəkistan Ali Məhkəməsində məhkəmə prosesi başlanmışdır. Xəbərdə deyilir ki, dövlət ittihamı nümayəndəsinin iddiasına görə, “müttəhimlər və onların əlaltıları Qazaxıstanın sərhədyanı ərazilərindən istifadə etmişlər. Burada terrorçular hazırlanması və onların təlim keçməsi üçün xüsusi düşərgələr yaradılmışdır”.
MTK-nın mətbuat xidməti bildirmişdir ki, bu iddia həqiqətə uyğun deyildir. Terror aktlarından sonra Qazaxıstanın hüquq mühafizə orqanları və xüsusi xidmət idarələri ölkənin ayrı-ayrı sakinlərinin və müxtəlif səbəblərə görə Qazaxıstan ərazisində olmuş Özbəkistan vətəndaşlarının həmin terror aktlarının törədilməsində iştirakının mümkünlüyü barədə məlumatların yoxlanılmasında Özbəkistan tərəfinə əməkdaşlıq haqqında sazişlər çərçivəsində əməli kömək göstərmişlər. Axtarış tədbirləri Özbəkistan DİN-in və Milli Təhlükəsizlik Xidmətinin əməliyyat-istintaq qruplarının iştirakı ilə keçirilmişdir. Yoxlama zamanı Qazaxıstanın cənub bölgəsində yaraqlıların hazırlıq düşərgələri və Daşkənddə terror aktları törətmiş şəxslərin olduğu barədə məlumatlar təsdiq edilməmişdir. Bu, Özbəkistanın istintaq orqanlarına və Milli Təhlükəsizlik Xidmətinə məlumdur.