Qazaxıstanda referendum keçiriləcək
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 5-də Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək.
MDB PA DİMBİ Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, referendumun keçirilməsində məqsəd bu il mayın 6-da ictimaiyyətə açıqlanan “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında" qanuna dəyişikliklər və əlavələr ilə bağlı vətəndaşların fikirlərini öyrənməkdir. Ümumilikdə, konstitusiyanın 33 maddəsində 56 müxtəlif düzəlişin edilməsi təklif olunur.
Təklif olunan dəyişikliklər arasında Qazaxıstan Prezidenti, məhkəmə orqanlarının rəhbərləri, hərbi qulluqçular, hüquq-mühafizə və xüsusi xidmət orqanları əməkdaşları üçün hər hansı bir partiyaya üzvlüyün qadağan olunması, parlamentin yeni formalaşması qaydası, məsləhət-məşvərətçi orqan olan statuslu Konstitusiya Şurasının əvəzinə səlahiyyətlərə malik Konstitusiya Məhkəməsinin yaradılması və sair var.
Seçki məntəqələri Qazaxıstanın hər bir yaşayış məntəqəsində, eləcə də 52 ölkədə təşkil edilib. Əsas siyahı üzrə 169 seçicinin qeydə alındığı 262 saylı seçki məntəqəsi Qazaxıstanın Azərbaycandakı səfirliyinin nəzdində yaradılıb.
Qazaxıstan Respublikasının Mərkəzi referendum Komissiyası MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun 57 üzvünü akkreditə edib. Onların arasında Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin deputatları (senatorları) yer alır. Qrupun tərkibinə, həmçinin MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin əməkdaşları və MDB PA iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri daxildirlər.
MDB PA DİMBİ Bakı filialının 3 əməkdaşı da MDB PA müşahidəçiləri qismində qeydiyyata alınıblar və səsvermə günü Qazaxıstanın ölkəmizdəki səfirliyinin binasında səsvermənin gedişini izləyəcəklər.
Səsvermənin gedişi barədə məlumatlar mütəmadi olaraq MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının qərargahına təqdim olunacaq.