SİYASƏT
QAZAXISTANIN KAZİNFORM AGENTLİYİ QARAQANDA ŞƏHƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “NAMUS” AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN SƏDRİNDƏN MÜSAHİBƏ ALMIŞDIR
Astana, 27 oktyabr (AZƏRTAC). Qazaxıstanın Kazinform agentliyi Qaraqanda şəhərində fəaliyyət göstərən “Namus” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Arif Məmmədovdan müsahibə almışdır.
Müsahibədə deyilir: “Mən 1971-ci ildən Qazaxıstana gəlmiş, burada Qaraqanda Politexnik İnstitutuna qəbul olunmuş, əmək fəaliyyətinə də burada başlamışam.
Sonra qazax qızı Zlixa ilə evləndim, bir oğlum, bir qızım var, artıq onlar böyükdürlər. Övladlarım Azərbaycan, qazax və rus dillərində danışırlar. Zlixa da Azərbaycan dilində sərbəst danışır, mən də qazax dilini bilirəm”.
Daha sonra Arif Məmmədov mədəniyyət mərkəzinin, dörd il əvvəl isə azərbaycanlıların bazar günü məktəbinin yaradılması zəruriliyindən danışaraq demişdir: “Mədəniyyət mərkəzinin yaradılmasında məqsəd xalqımızın dili, adət-ənənələri, mədəniyyətini saxlamaq, uşaqlarımızı milli adət-ənənələr ruhunda böyütmək olmuşdur. Biz artıq Qazaxıstanın digər şəhərlərində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri ilə də əlaqələr yaratmışıq və işimizi əlaqələndiririk”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana