SİYASƏT
Qazaxıstanın Milli Arxivində Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir
Astana, 28 may (AZƏRTAC). Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının (AMMİ) təşkilatçılığı ilə Qazaxıstanın Milli Arxivində Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə ictimai-siyasi xadimlər, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının və Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
AMMİ-nin sədri, professor Vidadi Salahov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi haqqında danışmış, dövlətin qısa müddət ərzində keçdiyi şərəfli yol, bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu, diplomatik xidmət sahələrində aparılmış işlər haqqında məlumat vermişdir.
Assosiasiyanın prezidenti Serik Camalxanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi dünya şöhrətli siyasətçi kimi xarakterizə etmiş, ulu öndərin apardığı daxili və xarici siyasət, Azərbaycanın dünya birliyi ölkələri arasında layiqli yerini tutması istiqamətində xidmətlərindən danışmışdır.
“Nur-Otan” Xalq Demokratik Partiyası analitik təhlil mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Kazbek Kaskenov AXC-nin qurulmasında fəallıq göstərmiş siyasi xadimlərin həyat və fəaliyyəti haqqında söhbət açmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana