DÜNYA
Qazaxıstanla ABŞ arasında 2013-2017-ci illər üçün Əməkdaşlıq Planı imzalanmışdır
Astana, 12 dekabr (AZƏRTAC). Qazaxıstan Müdafiə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə nazir müavini Talqat Janjumenovun başçılığı ilə nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olmuş, hər iki ölkənin müdafiə nazirlikləri arasında ikigünlük məsləhətləşmələr keçirilmiş, yekunda Qazaxıstanla ABŞ arasında 2013-2017-ci illər üçün beşillik Əməkdaşlıq Planı imzalanmışdır.
Məlumatda qeyd olunur ki, danışıqlar zamanı sülhməramlı qüvvələr, kadr hazırlığı, müxtəlif texniki kömək, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunmuşdur. Qazaxıstan tərəfi ABŞ hərbi-sənaye kompleksi ilə əlaqələrin yaradılması o cümlədən hərbi sənaye, hərbi texnika və texnologiya, loqistika sahələrinin idarə olunması məsələlərində əməkdaşlığa da maraq göstərmişdir.
Görüşdə xüsusi təyinatlı qüvvələrin hazırlanması məsələsinə xüsusi diqqət yetirilmişdir. Tərəflər belə qüvvələrin birgə hazırlanması və təcrübə mübadiləsinin aparılması istiqamətində də razılıq əldə etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana