DÜNYA
Qazaxıstanla Qırğızıstan benzin və neft ixracı ilə bağlı danışıqlar aparır
Nur-Sultan, 22 oktyabr, AZƏRTAC
Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Qırğızıstanla benzin və neft ixracı ilə bağlı danışıqların davam etdiyini deyib.
AZƏRTAC xəbər verir ki, nazir Qırğızıstan tərəfi ilə razılaşma layihəsi üçün bəzi prinsiplər üzərində hələ konsensus əldə olunmadığını bildirib: “Çünki Qazaxıstan Qırğızıstana rüsum ödəmədən, pulsuz neft göndərirsə, ölkə büdcəsi rüsumlarda hər bir tonda orta hesabla 60 dollar itirəcək”, - deyə o qeyd edib.
Bildirib ki, Qırğızıstan Avrasiya İqtisadi Birliyinin üzvü olduğu üçün neft ixracı rüsumsuz olmalıdır: “Əgər itkilərimiz varsa, bu neft məhsulları təkrar ixrac edilməməlidir”.
Qeyd edək ki, ötən il Qırğızıstana Rusiyadan 411 min ton benzin, Qazaxıstandan isə cəmi 73 ton benzin ixrac edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan