İQTİSADİYYAT
Qazaxıstanlı əmtəə istehsalçıları öz məhsullarını Bakı-Tbilisi-Qars marşrutu üzrə Avropa bazarlarına daha tez və daha ucuz daşıya biləcəklər
Bakı, 28 fevral, AZƏRTAC
khabar.kz saytında “Yeni Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi bu ilin sonuna qədər açılacaq” sərlövhəli məqalə dərc edilib. Məqalədə bildirilir ki, bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi sayəsində qazaxıstanlı əmtəə istehsalçıları öz məhsullarını Avropa bazarlarına Bakı-Tbilisi-Qars marşrutu üzrə daha tez və daha ucuz daşıya biləcəklər. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək bu marşrut Avropa ilə Asiya arasında alternativ nəqliyyat dəhlizi olacaq.
Məqalə müəllifi xatırladır ki, sözügedən dəmir yolunun inşa edilməsi haqqında saziş hələ 2007-ci ildə imzalanıb. Materialda deyilir: “Təşkilatçıların niyyətinə görə, uzunluğu 105 kilometr olacaq dəmir yol magistralı gələcəkdə regionda mövcud dəmir yol xətlərini birləşdirəcək və beləliklə, Bakıdan Qarsa qədər dəmir yol dövrəsi qapanacaq”.
Məqalədə qeyd edilir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası möhtəşəm layihədir. Bu, Avropa, Qafqaz və Asiyanı birləşdirən ən mühüm nəqliyyat dəhlizi olacaq. Beləliklə, həm Gürcüstan və Türkiyə üçün, həm də Xəzər dənizi sahillərində yerləşən ölkələr üçün maneəsiz əmtəə dövriyyəsi təmin olunacaq.
Türkiyənin Avropa hissəsindən dəmir yolların Gürcüstan və Azərbaycanla, oradan dəmir yol və dəniz yolu vasitəsilə Bakıdan Aktauya və daha sonra Çinə qədər vahid şəbəkə şəklində birləşdirilməsi planlaşdırılır. Layihə müəlliflərinin fikrincə, bu, Asiyanı Avropa ilə əlaqələndirən ən qısa dəmir yol marşrutu ola bilər. Yeni dəhliz yüklərin birbaşa marşrut üzrə Avropadan Çinə daşınması müddətini 15 günə qədər azaldacaq. Halbuki, indi konteyner gəmisinin Çindən Avropaya çatdırılması üçün 40 gün vaxt tələb olunur.
Məqalədə bu dəmir yolunun gələcək perspektivləri barədə qeyd edilir ki, Bakı-Tbilisi-Qars marşrutu daha geniş miqyaslı layihənin yalnız kiçik bir hissəsidir. “Əsas məqsəd Böyük İpək Yolu marşrutunu bərpa etməkdir. Yeni dəmir yol yüklərin İran və ya Rusiya ərazisindən keçməklə Xəzər dənizini dövrə vurmaqla deyil, Azərbaycandan Qazaxıstana və Türkmənistana, oradan Əfqanıstana, Pakistana və Hindistana daşınmasını nəzərdə tutur”.