REGİONLAR
Qazaxlı kümçü: Birinci sort barama təhvil verəcəyik
Qazax, 6 iyun, Famil Quliyev, AZƏRTAC
Qazaxda kümçülər artıq ikinci ildir ki, barama yetişdirirlər. Bu işdə onlar ailəlikcə iştirak edirlər. Məqsəd yüksək məhsuldar barama əldə etməkdir. Rayonda bu il baramaçılar ötən ilkindən təxminən 3 dəfədən çox baramaqurdu yetişdiriblər. Hazırda baramalar sonuncu mərhələ olan sarğı dövründədir.
Kümçü Nailə Həbibova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ailəliklə ipəkqurdu götürmüşük. Ötən il 2 qutudan 126 kiloqram barama vermişik. Bu il 5 qutudan 300 kiloqramdan artıq barama götürmək fikrimiz var. İpəkqurdlarını vaxtlı-vaxtında yemlədiyimizdən 17-ci günündə sarğısını verib. Bu “törə baba” deyilən süpürgəni qoyduğumuza görə məhsuldarlıq belə ağappaq olur. Birinci sorta barama təhvil verəcəyik.”
Qeyd edək ki, Qazax rayonunda ötən il 30 qutu ipəkqurdu yetişdirilmişdisə, bu il qutuların sayı 100-ə çatdırılıb. Ötən il 1500 kiloqram məhsul istehsal edilmişdisə, bu il gözlənti 5000 kiloqramdır.