ELM VƏ TƏHSİL
Qazi müəllim “Gündəm təhsildir” proqramında
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 25-i saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı Vətən müharibəsi iştirakçısı, 180 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əli Abbasovdur. Əli Abbasov Vətən müharibəsi başlayan kimi könüllü olaraq səfərbərliyə yazılıb. Füzuli, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək xəsarət alsa da, mübarizəsini dayandırmayıb. O, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.