Qazilərlə görüşlər davam edir
İsmayıllı, 9 dekabr, AZƏRTAC
İsmayıllı rayonunda Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində sağlamlığını qismən itirən və qazi adını daşıyan daha 4 gənc rayon rəhbərləri tərəfindən evlərində ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, ziyarət olunan qazilər İsmayıllı şəhərindən Elvin Rəsulov və Qismət Ələkbərzadə, Topçu kənd sakinləri Mətin Məmmədov və Mirmövsüm Mövsümzadədir. Görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qısa vaxtda işğalçı Ermənistan ordusu üzərindəki tarixi qələbəsindən, bu qələbədə İsmayıllı gənclərinin, o cümlədən şəhidlik zirvəsinə ucalan və qazi adını daşıyan igid oğulların xidmətlərindən danışılıb.
Rayon rəhbərliyi qazilərin və ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər.
Qazilər qonaqların istəyi ilə Silahlı Qüvvələrimizin şərəfli döyüş yolundan danışıb, onları ziyarət etdikləri üçün təşəkkürlərini bildiriblər. Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.