REGİONLAR
Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri emal müəssisələrində istehsal prosesi ilə tanış olublar
Qəbələ, 7 mart, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) Aqrar İnkişaf Könüllüləri tərəfindən maraqlı layihələr həyata keçirilir. “Könüllülər ili” çərçivəsində Mərkəzin könüllüləri Qəbələ şəhərində “Gilan Qida Şəhərciyi”nin tərkibində fəaliyyət göstərən kartof emalı və konserv zavodlarında olub, istehsal prosesi ilə maraqlanıblar.
Qəbələ DAİM-in könüllülər üzrə məsul şəxsi Seymur Arifşahov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yarımfabrikat kartof və kartof çipsi, həmçinin sərinləşdirici içkilər istehsal edən bu emal müəssisələri ilə tanışlıq Aqrar İnkişaf Könüllüləri üçün çox faydalı olub. Könülülərə məlumat verilib ki, kartof emalı zavodu bazara “Chipsim” və “Kartofresh” brendləri ilə ekoloji cəhətdən təmiz məhsul təqdim etməklə, dünya bazarındakı çipsi və dondurulmuş kartof istehsalçılarından heç də geri qalmadığını sübut edir. “Chipsim” çipsləri müxtəlif ədviyyatlardan istifadə edilərək yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. İllik istehsal gücü 20 min ton hazır məhsul təşkil edən zavod Böyük Britaniyanın “Heat&Control”, Yaponiyanın “İshida”, Hollandiyanın “Miedema” avadanlığı ilə təchiz edilib.
Konserv zavodu ilə tanışlıq zamanı bildirilib ki, ərazisi 13 hektar olan bu müəssisə Cənubi Qafqazın ən inkişaf etmiş zavodlarından biridir. Müəssisədə "Jalə", "Bağdan", "Zolotoy Sad", "Aycan" brendləri ilə istehsal olunan məhsullar təkcə daxili bazarda satılmır, eyni zamanda, ABŞ, Yunanıstan və digər ölkələrə də ixrac olunur. Konserv zavodu istehsal prosesində əsasən, yerli fermerlərdən və əhalidən toplanan kənd təsərrüfatı məhsullarından istifadə edir və bununla da yerli istehsalın inkişafına zəmin yaradır.
Hər iki emal müəssisəsi ilə tanışlıq Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi könüllülərinin ürəyincə olub.