İDMAN
“Qəbələ” komandası Tbilisinin “Dinamo” klubu ilə yoxlama oyununda məğlub olmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). Azərbaycanda təlim-məşq toplanışında olan Tbilisinin “Dinamo” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası “Qəbələ” kollektivindən olan həmyaşıdları ilə yoxlama oyununda üz-üzə gəlmişdir.
AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Dinamo” komandası “Qəbələ”nin qapısından iki cavabsız top keçirmişdir.
Matçda Rati Artizaşvili və Giorgi Qoqilaşvili fərqlənmişlər.
Komandalar arasında növbəti oyun noyabrın 24-də keçiriləcəkdir.
“Qəbələ” klubunun təşəbbüsü ilə reallaşan səfərin məqsədi U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcüstan klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Beynəlxalq futbol turnirinə hazırlıq məqsədi daşıyır.