İDMAN
“Qəbələ” komandası U-11 Liqanın qalibi olmuşdur
Bakı, 6 may (AZƏRTAC). AFFA-nın futbol üzrə U-11 Liqasının 2012-2013-cü il mövsümünə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, mövsümün son oyunlarından əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov komandaların üzvləri ilə görüşərək onlara uğurlar arzulamışdır.
Üçüncü yer uğrunda qarşılaşmada “Bakı” və Gəncə təmsilçisi TİM ilə üz-üzə gəlmişdir. Oyunun gedişində 2:2 hesablı heç-heçə qeydə alındığı üçün qalib penalti seriyasında müəyyənləşmişdir. Zərbələri daha dəqiq yerinə yetirən TİM komandası ümumi nəticədə 13:12 hesabı ilə qələbə qazanmışdır.
Final oyununda “Neftçi” və “Qəbələ” komandaları qarşılaşmışdır. Həlledici oyunda da 1:1 hesablı heç-heçə qeydə alındığı üçün qalib penalti seriyasında bəlli olmuşdur. 11 metrlik zərbələri daha sərrast vuran “Qəbələ” komandası U-11 Liqasının 2012-2013-cü il mövsümünün qalibi adını qazanmışdır.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Qalib komandaya AFFA-nın hədiyyələri və kubok təqdim olunmuşdur.