İDMAN
“Qəbələ” növbəti yoxlama oyununu keçirib
Bakı, 29 iyun, AZƏRTAC
“Qəbələ” 2015-2016-cı illər mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “qırmızı-qaralar” Bakının “İnter” klubu ilə üz-üzə gəlib.
Bu matç komandaların son 4 gündə ikinci qarşılaşması olub. İyunun 24-də keçirilən ilk sınaqda 1:0 hesabı ilə qalib gələn Roman Qriqorçukun baş məşqçisi olduğu komanda bu dəfə heç-heçə ilə kifayətlənib. Qəbələ şəhər stadionundakı matçda hesabı qonaqlar açıb. Səkkizinci dəqiqədə Rauf Əliyev fərqlənib. “Qəbələ” bərabərlik qolunu ikinci hissədə vurub. Matçın 70-ci dəqiqəsində Cavid Hüseynov qonaqların qapısına yol tapıb - 1:1.
Bu, komandanın mövsümlərarası fasilədə ilk heç-heçəsi olub. Bunadək üç qələbə qazanan “qırmızı-qaralar” Türkiyədə Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0, Qəbələdə “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.