İQTİSADİYYAT
Qəbələdə 108 nəfər daimi işlə təmin olunmuşdur
Qəbələ, 13 iyun (AZƏRTAC). Qəbələ Rayon Məşğulluq Mərkəzi qeyri-məşğul əhalinin işlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.
Məşğulluq mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, rayonun bütün idarə, müəssisə və təşkilatları ilə müntəzəm əlaqə saxlanılmış, boş iş yerləri barədə məlumatlar toplanılmış və iş yerlərinə vətəndaşların göndərişi təmin edilmişdir. İlin əvvəlindən indiyədək məşğulluq mərkəzinə 293 nəfər müraciət etmişdir ki, onlardan 66-sı qadınlar olmuşdur. Müraciət edənlərdən 108 nəfəri öz istəyinə uyğun işlə təmin olunmuş, 9 nəfərə işsizlik statusu, 12 nəfərə müavinət verilmiş, 2 nəfər kvota yerinə işə göndəriş almışdır.
İşlə təmin olunanların 50 faizi gənclər, 70 faizi isə kənd əhalisidir. Onlar əsasən təhsil və səhiyyə ocaqlarında, turizm, istehsal və xidmət obyektlərində, şirkət və firmaların yerli satış şəbəkələrində, tikinti sahəsində işlə təmin olunmuşlar.