REGİONLAR
Qəbələdə 449 hektar sahədə yeni meyvə bağı salınmışdır
Qəbələ, 1 oktyabr (AZƏRTAC). Qəbələ rayonunda meyvəçiliyin inkişafı üçün mühüm tədbirlər görülür. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Qəbələdə ənənəvi istehsal sahələrindən biri olan bağçılıqdır. Rayonda konserv, fındıq və üzüm emalı zavodları kimi müəssisələrin fəaliyyət göstərməsi əhalinin bağçılığa marağını daha da artırmışdır.
Son iki ildə rayonda 250 hektar sahədə yeni qarışıq meyvə bağları, 199 hektar sahədə isə yeni fındıq bağları salınmışdır. Həmin bağların 120 hektarı “Gilan” MMC, 130 hektarı isə “İkar” SB MMC tərəfindən salınmışdır. Hazırda rayonda 5.603 hektar bar verən meyvə bağı mövcuddur. Bu bağdan cari ildə 20 min tona yaxın meyvə tədarükü gözlənilir. Meyvə yığımı davam edir. Bu günədək 6.935 ton məhsul tədarük olunmuşdur.
Bundan əlavə, bu ilin payızında daha 150 hektar sahədə qarışıq meyvə bağlarının salınması nəzərdə tutulur və hazırda bu sahədə hazırlıq işləri görülür.