REGİONLAR
Qəbələdə dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub
Qəbələ, 20 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Qəbələ rayonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın şimal-qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, meşə mühafizəsi və bərpası müəssisələri, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub.
Seminar-müşavirədə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək qarşıdakı mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması tədbirlərindən danışıb.
DYNX-nin təlimatçısı Nizami Fərəcov “Taxıl biçini zamanı yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda çıxış edərək bildirib ki, bu sahədə həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması səbəbindən dənli və paxlalı bitki sahələrində, yığılmış yem məhsullarında, meşə və meşə zolaqlarında yanğın hadisələri qeydə alınır. O, yanğınların statistikası və təhlilinə istinad edərək vurğulayıb ki, hadisələrin baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilir.
Sonda dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən slaydlar nümayiş etdirilib, təsərrüfat və bələdiyyə nümayəndələrinə yaddaş kitabçası, yanğına qarşı təbliğat xarakterli plakatlar paylanılıb.