REGİONLAR
Qəbələdə heyvandarlıq və broyler quşçuluq kompleksləri tikilir
Qəbələ, 30 avqust (AZƏRTAC). Son vaxtlar Qəbələdə heyvandarlıq sahəsində əhəmiyyətli dirçəliş hiss edilir. Rayonda fərdi təsərrüfatlarda mal-qaranın baş sayının ildən-ilə artmasına baxmayaraq, heyvandarlıq komplekslərinin yaradılmasına ciddi ehtiyac vardır və bu sahədə mühüm işlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Qəbələdə tikilən 500 başlıq və 640 başlıq maldarlıq komplekslərində son tamamlanma işləri görülür. Bundan əlavə, əhalinin quş əti və yumurtaya olan tələbatının ödənilməsi məqsədi ilə rayonda əvvəllər mövcud olmuş broyler quşçuluq kompleksi əsaslı təmir edilir.
İnkişaf etməkdə olan heyvandarlığın yemə olan tələbatının ödənilməsi məqsədi ilə bu il yem bitkilərinin əkin sahələri də genişləndirilmişdir. Bununla əlaqədar yemlik qarğıdalı sahələri genişləndirilərək 189 hektara, yonca sahələri 293 hektara, birillik ot sahələri isə 301 hektara çatdırılmışdır.
Bundan əlavə, rayonda mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması üçün səkkiz süni mayalama məntəqəsi yaradılmış və lazımi avadanlıqla təmin edilmişdir. Cari ilin doqquz ayında 1037 baş inək və düyədə süni mayalama aparılmışdır ki, bu da yüksək məhsuldar heyvanların əldə olunmasına imkan yaradacaqdır.