Qəbələdə Lavanda festivalı başlayıb
Qəbələ, 31 may, Mustafa Dadaşov, AZƏRTAC
KOBİA və “The Best Choce” MMC şirkətinin təşkilatçılığı ilə mayın 31-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində salınmış lavanda sahəsində Lavanda festivalına start verilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Diqqətə çatdırılıb ki, İtaliya, Fransa və Macarıstandan sonra Azərbaycanda da ilk dəfə Lavanda festivalı keçirilir.
Festival çərçivəsində təşkil olunan sərgidə lavanda çiçəyinin ləçəklərindən hazırlanmış məhsullar (yağ, bal, skrablar, antiseptik), əl işləri və kulinariya nümunələri nümayiş etdirilib. Ziyarətçilərə həmin məhsullardan almaq, eyni zamanda, onlar üçün təşkil edilən əyləncələrdən istifadə etmək imkanı yaradılıb.
Festival iyunun 30-dək davam edəcək.