REGİONLAR
Qəbələdə mal-qara və ev quşları yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur
Qəbələ, 1 fevral (AZƏRTAC). Qəbələ rayonunda heyvandarlığın inkişaf etdirilməsində baytarlıq xidmətinin düzgün təşkili mühüm rol oynayır. Son bir ildə ev heyvanları və quşlar arasında profilaktiki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi nəticəsində rayon ərazisində heç bir yoluxucu xəstəlik aşkar edilməmişdir.
Qəbələ rayon baytarlıq idarəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən bir ildə epizootik tədbirlər planına əsasən, mal-qara arasında 53 min 447 baş qarayaraya, 104 min 75 baş dabaq xəstəliyinə, 12 min 917 baş leptesprioza, 24 min 10 baş brusselyoza, davarlar arasında 216 min 471 baş qarayaraya, 99 min 172 baş dabaq xəstəliyinə qarşı, ev quşlarından isə 289 min 830 baş nyukasl “H” və 384 min 690 baş lasotaya qarşı peyvənd edilmişdir. Bundan əlavə, 18 baş qaramalda və 2 baş davarda brusselyoz xəstəliyi aşkar edilmiş və onlar kəsilərək təsərrüfatlardan çıxarılmışdır. Hazırda kəndlərdə ev heyvanları və quşlar arasında peyvənd işləri davam etdirilir.
İdarədən bildirmişlər ki, rayonun Nic qəsəbəsində yaşayan udilər donuzçuluqla məşğul olur və onların bəslədiyi heyvanlar baytar həkimlər tərəfindən nəzarətdə saxlanılır. Qəsəbədə “donuz qripi” adlandırılan yoluxucu xəstəliyin əlamətləri müşahidə olunmasa da, baytar həkimlər donuzlardan ayda iki dəfə qan götürərək laboratoriyada yoxlayırlar.
Hazırda qəsəbədə 980 baş donuz bəslənilir və onlar qapalı şəraitdə saxlanılır.