REGİONLAR
Qəbələdə meyvəçiliyin inkişafı diqqət mərkəzindədir
Qəbələ, 28 yanvar (AZƏRTAC). Qəbələ rayonunda meyvəçiliyin inkişafı üçün mühüm işlər görülür.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, kəndlilər hər il meyvə bağlarının ərazisini genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul əldə edirlər. Ötən il rayonda 98 hektar sahədə yeni meyvə bağı salınmışdır və hazırda kəndlərdə ağac əkini davam etdirilir. Alma, qoz, şabalıd və fındıq bağları rayonda kənd əhalisinin əsas gəlir mənbəyi hesab olunur.
Bağbanlar 2012-ci ilin payız aylarında 1140 hektar alma bağından 4 min 261 ton, 3 min 387 hektar fındıq bağından 6 min 115 ton, 386 hektar şabalıd bağından 389 ton, 156 hektar qoz bağından 313 ton, 227 hektar armud bağından 1033 ton, 44 hektar heyva bağından 333 ton məhsul tədarük etmişlər. Ümumilikdə rayonda mövcud olan 5 min 603 hektar meyvə bağından 14 min 30 ton məhsul tədarük olunmuşdur ki, bu da əvvəlki ildəkindən 1250 ton çoxdur.