MƏDƏNİYYƏT
Qəbələdə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı tədbirlərinin açılış mərasimi olmuşdur
Qəbələ, 12 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycanın bölgələrində keçirilən tədbirlər uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, martın 12-də möhtəşəm musiqi bayramı çərçivəsində Qəbələdəki “Qafqaz sport” otelində mədəniyyət işçilərinin, muğamsevərlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı tədbirlərinin açılış mərasimi keçirilmişdir.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təhsil şöbəsinin müdiri Natiq Mustafayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən, milli muğam sənətimizin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışmışlar.
Sonra rayonun xanəndələri Natiq Cəfərov “Simayi Şəms”, Asim Əliyev “Segah zabul”, Hacıbaba Abdurrahmanov “Arazbarı”, Ceyhun Mehdiyev “Heyratı” muğamlarını ifa etmişlər. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət etmişlər.
İki saat davam edən konsertdə hər bir xanəndənin ifası alqışlarla qarşılanmışdır.
Konsertin sonunda tamaşaçılar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.