İDMAN
Qəbələdə peşəkar boksçular arasında İBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşlər keçirilmişdir
Qəbələ, 15 dekabr (AZƏRTAC). Dekabrın 14-də gecə saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində peşəkar boksçular arasında İBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşlər başlamışdır.
AZƏRTAC xəbər verir ki, kəmər uğrunda və reytinq xarakterli ilk döyüş 91 kq-dan yuxarı çəki dərəcəsində olan idmançılar arasında olmuşdur.
Azərbaycan boksçusu Elçin Əhmədov və Latviya idmançısı Yanis Qinter arasında dörd raunddan ibarət olan döyüşün sonunda həmyerlimiz xal hesabı ilə rəqibindən üstün olaraq yarışı qalib başa vurmuşdur.
İkinci döyüş 72,5 kq çəki dərəcəsində olan idmançılar arasında olmuşdur. Rinqə azərbaycanlı Vüsal Əliyev və albaniyalı Armand Tsullhay çıxmışlar. Altı raunddan ibarət olan və çox gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan idmançısının qələbəsi ilə başa çatmışdır.
Reytinq xarakterli üçüncü görüşdə isə 79,8 kq çəki dərəcəsində mübarizə aparan idmançılar qarşılaşmışlar. Azərbaycanı təmsil edən Rəşad Kərimov ilə Kuba idmançısı Mixel Velozonun qarşılaşması 6 raunddan ibarət olmuşdur. Bu döyüşdə Kuba idmançısı qələbə qazanmışdır.
Daha sonra 91 kq-dan yuxarı çəkisi olan peşəkar boksçular arasında WBCA-nın İntercontinental titulu uğrunda görüş keçirilmişdir. Türkiyəli Yaqub Sağlam və ukraynalı Roman Qolovaşçenko arasında keçən 12 raundluq döyüş ukraynalı boksçunun qələbəsi ilə başa çatmışdır.
Dekabrın 15-də gecə saat 00:20-də isə Avropa boks ictimaiyyətinin diqqət mərkəzində olan ən maraqlı döyüş başlanmışdır.
Azərbaycanı peşəkar boksda təmsil edən Fariz Məmmədov (66,8 kq) IBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda almaniyalı boksçu Matias Pelk ilə qarşılaşmışdır. Azərbaycanın peşəkar boks tarixində ilk dəfə 2 kəmər uğrunda təşkil edilən bu döyüş çox gərgin idman mübarizəsi şəraitində keçmiş və maraqlı anlarla yadda qalmışdır.
Yarışdan əvvəl azarkeşlərə məlumat verilmişdir ki, almaniyalı boksçu Matias Pelk indiyədək keçirdiyi 20 döyüşün hamısını qələbə ilə, 11-ni isə nokautla başa vurmuşdur. Fariz Məmmədov isə 16 döyüşdən 14-də qalib gəlmiş, birini uduzmuşdur. Bir görüşdə isə heç-heçə qeydə alınmışdır.
“Eurosport” kanalının canlı yayımladığı peşəkar boks yarışının 1, 2 və 3-cü raundları Fariz Məmmədovun üstünlüyü şəraitində davam etmişdir. Fariz Məmmədov birinci raundda rəqibini naqdaun vəziyyətinə də salmışdır. O, 4 və 6-cı raundlarda da bir neçə dəfə rəqibinə ağır zərbələr endirsə də, fiziki yorğunluğu səbəbindən 12 raundluq döyüşü tam başa çatdıra bilməmişdir. Fariz Məmmədov 8-ci raundda döyüşü dayandırmışdır.
Görüşü qələbə ilə başa vuran almaniyalı boksçu Matias Pelk IBF və WBO versiyaları üzrə iki Avropa kəmərinə sahib olmuşdur.
Qəbələ Olimpiya İdman Kompleksində keçirilən yarışı izləyənlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, eləcə də Olimpiya çempionları Fərid Mansurov, Elnur Məmmədli və digər tanınmış idmançılar olmuşlar.