İDMAN
Qəbələdə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir
Qəbələ, 16 mart (AZƏRTAC). Gənclərin hərbi vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə Qəbələdə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər 2 saylı məktəbdə keçirilən turnirin açılış mərasimində çıxış edənlər yarışın əsas məqsədinin məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, onların fiziki hazırlığını artırmaq və ordu sıralarında xidmətə hazırlamaqdan ibarət olduğunu vurğulamışlar.
Sonra rayonun bütün orta ümumtəhsil məktəbləri komandalarının qatıldığı kütləvi hərbi-idman yarışının startı verilmiş və şagirdlər öz bacarıqlarını nümayiş etdirmişlər. Yarışda məktəblərin 10-11-ci sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı, estafet şəklində maneələri dəf etmə və digər mərhələlər üzrə qüvvələrini sınamışdır.
Yarışda Qəbələ şəhər 3 nömrəli məktəbin komandası I yeri, şəhər 1 nömrəli məktəbin komandası II yeri və Soltannuxa kənd məktəbinin komandası III yeri tutmuşdur. Komandalara rayon gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir.